Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Gəncə şəhərinə səfər edib. Gəncədə bir sıra görüşlər keçirən diplomat qədim şəhərin mədəniyyət ocaqlarına da baş çəkib.

Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət edən diplomatı və xanımını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev müşayiət ediblər. Qardaş ölkənin səfirinə məqbərə və muzey haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Gəncənin Şəhidlər xiyabanını ziyarət edən səfir Cahit Bağçı şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərinə də baş çəkib.