F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” adlı qrafika əsərlərini virtual şəkildə istifadəçilərə təqdim edib.

Virtual sərgidə rəssamın 45 sənədli-bədii qrafik əsərləri və eyniadlı kitabın tam mətni təqdim edilib.

Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılan “Qarabağnamə – tarixin səhifələri” silsiləsi həm əhatəli tutumuna, həm də bədii şərhinə görə seçilir. Rəssam bu əsərlərdə Azərbaycanın Qarabağ bölgəsinin qədim Albaniya dövründən Xocalı faciəsinə qədər davam edən tarixinə işıq saçır. Qarabağ tarixinə bu bədii yanaşmada rəssamı hər şey maraqlandırıb. Qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif hadisələrin, onun qədimliyinə dəlalət edən memarlıq tikililərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçi və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir.

Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri, alban kilsələrinin erməniləşdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilib. Nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn əks etdirilən hadisələri və şəxsiyyətləri təsvir edir. Xalq rəssamının “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərdə tarixi həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu sintezindən ərsəyə gətirilən təsvirləri cəlbedici və yaddaqalandır.

Silsilədə son qrafik əsər Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı Zəfəri əks etdirir.