Hesabat hazırlanıb

 

Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb.

Mərkəzdən verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Hesabatda Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.

Hesabatı oxumaq və yükləmək üçün bu linkə daxil olmaq lazımdır: https://aircenter.az/uploads/files/Cultural%20Appropriation.pdf

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (“AİR Center” – Center of Analysis of International Relations) Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir. “AİR Center” yerli və xarici beyin mərkəzləri arasında Azərbaycan və dünya ilə bağlı bir sıra beynəlxalq problemlərin həllinin müzakirəsi üçün platformadır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyevdir. O, 1996-cı ildən Xarici İşlər Nazirliyində işləməyə başlayıb, 2009-2014-cü illərdə Azərbaycanın Kanadada, . 2014-cü ildən 2019-cu ilin fevralına kimi ölkəmizin Çexiyadakı səfiri olub. 2019-cu il fevralın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edilib.