Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbinin violin sinfinin şagirdləri Rusiyanın Rostov-Don şəhərində onlayn formatda keçirilən “Art-Performance” beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər.

Məktəbin “Fantaziya” skripkaçılar ansamblı müsabiqənin Qran-pri mükafatına, Səid Məmmədov və Aylin Məmmədli isə I yerə layiq görülüb. Ansamblın bədii rəhbəri və məktəbin violin ixtisası üzrə müəllimi Mahirə Tabıyeva, konsertmeyster müəllimlər Emil Həşimov və Şəlalə Əhmədova diplom ilə təltif olunublar.

Sözügedən müsabiqəyə qatılan paytaxtdakı Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri də yüksək nəticə göstəriblər. Fortepiano ixtisası üzrə müəllim Rəna Məmmədovanın şagirdləri Məleykə Rüstəmli, İbrahim Məmmədov I yer, Emin Nəsibli, Əfruz Mirzəzadə II yer, müəllim Zeynəb Həmidovanın şagirdləri Nika Keyvani, Amirmehdi Həsənzadə I yer, “Ansambl” nominasiyasında violin ixtisası üzrə müəllim Ülfət Nağıyevanın şagirdi Göyçək Məmmədova və fortepiano ixtisası üzrə İbrahim Məmmədov I yerə layiq görülüblər.