İyulun 12-də Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin “Puşkin” medalı və teatrın baş rejissoru Aleksandr Şarovskinin “Dostluq” ordeni ilə təltif olunması mərasimi keçirilib.

Rus Dram Teatrının direktoru və baş rejissoru Rusiya Prezidenti Vladimir Putinin fərmanına uyğun olaraq təltif ediliblər.

Mədəniyyət xadimlərinə mükafatları təqdim edən Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov onların Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və ölkəmizdə rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına böyük töhfə verdiklərini deyib.

Rus Dram Teatrının direktoru və baş rejissoru fəaliyyətlərinə verilən bu yüksək qiymətə görə Rusiya Prezidenti Vladimir Putinə dərin minnətdarlıqlarını ifadə edərək, bundan sonra da Azərbaycanda teatr sənətinin inkişafı və iki xalq arasında humanitar əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini bildiriblər.