Professor Xəlil Yusifli Nizami “Xəmsə”sinə daxil olan beş poemanı nəşrə hazırlayıb

 

Bu il dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilir. Bu münasibətlə dövlət başçısının sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu o deməkdir ki, dahi şairin yaradıcılığına işıq tutan, əsərlərinin tərcüməsi və nəşrinə töhfə verən ədəbiyyatşünas alimlərin də bayramıdır. Nizami irsinin öyrənilməsində xidmətləri olan alimlərdən biri də Əməkdar elm xadimi, tərcüməçi, mətnşünas, professor Xəlil Yusiflidir. O, “Xəmsə”yə daxil olan beş poemanı ayrı-ayrılıqda nəşrə hazırlayıb, bəzilərinə ön söz yazıb.

Xəlil Həmid oğlu Yusifli 17 iyul 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olub. Uşaqlıq illəri çətin və məşəqqətli illərə təsadüf edir. Beş yaşında ikən II Dünya müharibəsi başlayır. Atası Həmid müharibəyə gedir və geri qayıtmır. Gün-güzəranın çətin keçməsinə baxmayaraq, Xəlil 1955-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirir. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə qəbul olunur. 1960-cı ildə təhsilini başa vurur, təyinatla 1961-ci ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayır. 1962-ci ildə institutun Qədim və Orta əsrlər ədəbiyyatı şöbəsinin aspiranturasına qəbul olunur. 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edir. Alim Nizami yaradıcılığı üzrə tədqiqatlarını daha da genişləndirir. 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi, 1989-cu ildə isə professor elmi adı alır.

Xəlil Yusifli araşdırmalarında Nizami Gəncəvi yaradıcılığının elə bir sahəsi yoxdur ki, bu və ya digər şəkildə ondan bəhs etməsin. Buna görə də Nizaminin araşdırıcılarından söz düşəndə göz önünə ilk gələnlərdən biri də X.Yusiflidir. Görkəmli alim vaxtilə “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Nizaminin etnik mənsubiyyəti: həqiqət və uydurmalar” məqaləsində yazır: “Nizaminin etnik mənsubluğu onun əsərlərindən gün kimi aydındır. Özünü dünyanın və bütün insanlığın şairi hesab edən bu dahi insan, fövqəlalim və sənətkar yeri düşdükcə hansı etnosa mənsub olduğunu bildirməkdən də çəkinmir. Onun Azərbaycan türkcəsində yazılmış əsərləri gəlib bizə çatmasa da, biz bu qənaətdəyik ki, bu bənzərsiz şair doğma türkcədə də əsərlər yazıb. Onun əsasən farsca yazması dövrün, zamanın və sarayların tələbi idi. Nizaminin türklüyünü danan, onun bir fars olduğunu iddia edənlərin yanlış, xəstə müddəalarını rədd edir və belə düşünürük ki, uydurma üsullarla Nizaminin türklüyü haqqındakı həqiqəti danmaq mümkünsüzdür”.

X.Yusifli Nizami yaradıcılığının tədqiqi ilə davamlı məşğul olub, dahi şairin ideyalar aləmini, əsərlərinin sənətkarlıq xüsusiyyətlərini yüksək professionallıqla təhlil edib. Alimin “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi” monoqrafiyaları nizamişünaslığa dəyərli töhfə kimi səciyyələndirilir. Latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə dahi şairin əsərlərinin yeddi kitabda çapa hazırlanması X.Yusifliyə tapşırılır və o bu işin öhdəsindən layiqincə gəlir. Onun AMEA-nın müxbir üzvü, mərhum Əliyar Səfərli ilə birgə yazdığı “Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi uzun illərdir ali məktəblərdə bu dövrə aid əsas dərslik kimi istifadə olunur. Bundan əlavə, X.Yusiflinin “Məhcur Şirvani yeni təfəkkür işığında”, “Dünya ədəbiyyatı tarixi”, “Orta əsrlər Azərbaycan şeirində janrlar və bədii ifadə vasitələri” kimi kitabları da ədəbiyyatşünaslığımıza qiymətli töhfələrdir. “Dünya ədəbiyyatı tarixi” (Antik dövr) dərsliyi də onun bu sahədə fəaliyyətinin zənginliyini göstərir.

X.Yusifli həm də klassik ədəbiyyatımızın sanballı tərcüməçilərindəndir. O, M.Əvhədinin “Cami-cəm”, Arif Ərdəbilinin “Fərhadnamə” (Q.Beqdeli ilə birlikdə) əsrlərini farscadan dilimizə tərcümə edib. Alim ilk dəfə Həqirinin “Leyli və Məcnun” poemasını tərtib edərək geniş ön sözlə nəşr etdirib. AMEA-nın Gəncə şəhərindəki Nizami Gəncəvi Mərkəzinin direktoru vəzifəsini icra edərkən  Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ön söz və çevirmələrlə birlikdə hər biri 400 səhifə həcmində yeddi kitab onun tərtibçiliyi ilə nəşr olunub. Qazi Bürhanəddin, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Məhəmməd Hadinin əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin məhsuldarlığından xəbər verir.

Onu da qeyd edək ki, X.Yusifli klassik Azərbaycan ədəbiyyatının bir çox nümunələrini mənzum şəkildə tərcümə edib. Onun tərcümələri “Hikmət xəzinəsi” adlı müntəxəbatda, bir qismi isə ayrıca kitab şəklində çap olunub.

Görkəmli alimin əməyi yüksək qiymətləndirilib. Azərbaycanda təhsil və elmin inkişafındakı xidmətlərinə görə 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə isə 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Ömrünün müdrik çağlarını yaşayan professor Xəlil Yusifliyə cansağlığı və elmi fəaliyyətində uğurlar arzulayırıq. 

Savalan FƏRƏCOV