Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) sədr müavini,  professor İsmail Safi ilə söhbətimizdə Azərbaycan-Türkiyə münasibətləri, birgə diaspora fəaliyyətləri, Şuşa Bəyannaməsi və digər mövzulara toxunduq.

Həmsöhbətim öncə TADİV-in qurulması və fəaliyyəti barədə söz açdı:

– TADİV-in yaradılmasını mərhum xeyriyyəçi ziyalımız, Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramacı təklif edib və 1997-ci ildə mərhum liderlərimiz Heydər Əliyev və Süleyman Dəmirəl bu təşəbbüsü dəstəkləyərək reallaşmasına xeyir-dua veriblər. Məqsəd iki ölkənin əməkdaşlıq və işbirliyini daha da möhkəmləndirmək, xüsusilə, elm sahəsində iki ölkə arasında əlaqələri gücləndirmək olub. Təşkilatın fəaliyyəti bir müddət zəifləsə də, son dövrlər, xüsusilə 2020-ci ildən fəallaşıb. Ötən il, İkinci Qarabağ müharibəsindən əvvəl biz TADİV rəhbəri, professor Aygün Əttarla vəqfin gələcək fəaliyyətini geniş müzakirə etdik. İkinci Qarabağ müharibəsi vəqfin aktiv fəaliyyətinə təkan verdi. Hörmətli prezidentlərimiz də bu məsələyə müsbət yanaşdılar. Hazırda TADİV-in Qəyyumlar Şurasına Türkiyə Prezidentinin baş müşaviri İbrahim Kalın, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev daxildir. İdarə heyətinə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim daxildir. Vəqfin tərkibində “tink-tənk” quruluşu, elm adamları və mütəxəssislərin cəlb olunması ilə Qarabağ, Qafqaz, “erməni məsələsi”, Azərbaycan-Türkiyə, hətta daha geniş şəkildə Türk dünyası, Avrasiyanı əhatə edən önəmli fəaliyyətlər üçün nəzərdə tutulub.

– Azərbaycanın işğaldan azad olunmuş əraziləri, Qarabağla bağlı hansı fəaliyyət nəzərdə tutulur?

– TADİV  olaraq Qarabağda çox əhəmiyyətli işlərin həyata keçirilməsini düşünürük. Bu fəaliyyətlər Azərbaycan və Türkiyə prezidentlərinin tövsiyələri ilə tənzimlənir.. İyunun 28-də Ankaradakı Azərbaycan Evinin açılışında da TADİV-in Azərbaycan Evinin nəzdində fəaliyyət göstərdiyi və Şuşa ilə bağlı xüsusi bir proqramın icrasını planlandığı qeyd edildi.

– Bir az da konkretləşdirsək, proqram nə zaman həyata keçiriləcək və nədən ibarət olacaq?

– Şuşa proqramının icrası sentyabr ayı üçün nəzərdə tutulub. Bu daha erkən də ola bilər. Qarabağ məsələsi, şəhid və qazi ailələri, qaçqınlar məsələsi, yurd-yuvalarından didərgin düşən insanların qayıdışı, yerləşdirilməsi, məşğulluğu, Şuşanın qədim tarix-mədəniyyət abidəsi olaraq bərpası istiqamətində bir yol xəritəsi ortaya qoyacağıq. Bu məsələlərdə TADİV önəmli yer tutmaq niyyətindədir. Bir daha vurğulamaq istərdim ki, bu sadəcə bir iddia deyil, həm də dövlət başçılarımızın tövsiyəsidir.

– İsmayıl bəy, Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasını necə qiymətləndirirsiniz?

– Şuşa Bəyannaməsində Türk dünyası vurğusu çox konkret qoyulub. Sənəddə əks olunan Zəngəzur dəhlizi ilə bağlı maddənin reallaşması ilə Çindən Londona qədər olan “Bir kəmər, bir yol” böyük infrastruktur və nəqliyyat şəbəkəsi layihəsinin sürətlə inkişaf edəcəyinə inanıram. Zəngəzur dəhlizi Türk dünyası ilə bağlarımızı möhkəmləndirəcək. Doğrudan da, “Bir kəmər, bir yol” nəqliyyat şəbəkəsi çox böyük iqtisadi gəlir deməkdir, bu iqtisadi gəlirdən böyük coğrafiyalar yararlanacaq. Qarabağda reallaşacaq  böyük həcmli işlər var. Bu işləri Azərbaycan həm öz imkanları hesabına, həm də Türkiyə ilə, eləcə də digər ölkələrlə, beynəlxalq təşkilatlarla birlikdə həyata keçirəcək. Bu baxımdan Azərbaycan və Türkiyənin mədəniyyət, iqtisadiyyat, nəqliyyat və digər sahələr üzrə nazirliklərinin, eləcə də digər dövlət və bizim kimi qeyri-dövlət qurumlarının əlaqələri bu istiqamətdə daha da genişlənəcək. Qarabağın dirçəlişi ilə bərabər, bu regionda inkişaf, o cümlədən  Zəngəzur nəqliyyat dəhlizinin reallaşması Ermənistanın da xeyrinə olacaq.  Təəssüf ki, kin-nifrət Ermənistanın  gözünü tutub deyə, bu neqativ durum onların inkişafına mane olur.

– Türkiyə və Azərbaycanın birgə diaspor fəaliyyətləri və bu istiqamətdə qurulan işbirliyi haqqında nə deyə bilərsiniz?

– Bu sahədə işbirliyimiz inkişaf edir. Baxmayaraq Azərbaycanla müqayisədə Türkiyə bu istiqamətdə fəal deyil, amma Qarabağ hadisələri bu sahəyə də stimul verdi. Xüsusilə, qondarma “soyqırımı” məsələsində birgə fəaliyyətlər Azərbaycanla Türkiyənin müvafiq qurumlarını yaxınlaşdırdı. Qeyd etdiyim kimi, diaspora fəaliyyətində  Azərbaycan bizdən irəlidir. Türkiyə çox savaşlar, mübarizələr apardı, tarixdə itirdiyi çox torpaqlar oldu. Bunun müxtəlif,  tarixi tərəfləri var. Türkiyə itirdikləri torpaqları Azərbaycanla müqayisədə bəlkə də bir qədər unutdu, amma Azərbaycan Qarabağ travmasını çox ağır yaşadı, bir an da olsun unutmadı, bütün beynəlxalq tədbirlərdə, platformalarda bunu hər zaman vurğuladı. Bir sözlə, Azərbaycan Qarabağ məsələsində heç zaman ruhdan düşmədi. Mən bunun canlı şahidi olurdum və bu ruh yüksəkliyinə, bu prinsipiallığa heyran idim. 3 minə yaxın şəhid verən, aslanlar kimi igidliklə savaşan Azərbaycan Ordusunu gördük. Qarabağda qazanılan Zəfər Azərbaycanın çox yüksək təqdirə layiq, şanlı bir tarix əsəridir. Türkiyə ilk başdan Qarabağ məsələsində Azərbaycanın yanında oldu və davam edən bu müttəfiqlik bizim fəaliyyətimizə də yeni üfüqlər açır.

Mehparə SULTANOVA
Ankara