Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Bu barədə teatr kollektivinə “Zoom” vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev məlumat verib. Direktor yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb. O, teatrın yaradıcı heyətinin son dönəmdə pandemiya və digər səbəblərdən yaranan çətinliklərə baxmayaraq, yeni layihələr üzərində işlədiyini vurğulayıb, teatrın yaradıcılıq yolunun baş rejissorun rəhbərliyi ilə uğurla davam edəcəyinə əmin olduğunu bildirib. 

Cavid İmamverdiyev ona göstərilən etimada görə təşəkkürlərini bildirib. Qeyd edib ki, bu etimad həm də üzərimə düşən məsuliyyəti artırır: “Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Burada işlədiyim son bir ildə teatr rəhbərliyinin diqqət və qayğısını bütün kollektivin üzərində hiss etmişəm. Başladığımız işləri müvəffəqiyyətlə başa vuracağıma inanıram”.

İmamverdiyev Cavid Sudeyf oğlu 28 iyun 1972-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin “Filologiya fakultəsini, Moskvada Ali Ssenarist və Rejissorlar Kurslarını bitirib. “Парни из Баку” (“Bakılı oğlanlar”) ŞHK komandasının yaradıcılarından biridir və 1995-ci il komanda ilə “Çempionlar kuboku”nun sahibi və 2000-ci ildə “XX əsrin çempionu” olub.

2007-2020-ci illərdə Mədəniyyət Nazirliyi “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb, ölkəmizdə keçirilən yubiley, xatirə gecələri və konsert proqramlarına, kütləvi tədbirlərə quruluş verib. Eyni zamanda Mədəniyyət Nazirliyinin tapşırığı ilə Azərbaycan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni İrs siyahısına daxil edilmiş filmlərin çəkilişlərində rejissor və prodüser kimi iştirak edib. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında səhnə əsərlərinin  videoinstalyasiya rejissoru kimi çalışıb.

1997-ci ildən Bakı Müəllif Mahnıları Klubunun prezidenti və 2007-ci ildən Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Müəllif Mahnıları və Poeziya Festivalının təşkilatçısıdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2016-cı ildə mədəniyyət sahəsində nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.