Mədəniyyət naziri Anar Kərimov iyulun 15-də Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, Kitabxanalar və yayımlar baş idarəsinin müdir müavini Taner Beyoğlu, nümayəndə heyətinin digər üzvləri, eləcə də Azərbaycan Mədəniyyət Nazirliyinin  Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov iştirak ediblər.

Nazir qonaqları salamlayaraq Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb, mədəni əlaqələrin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı iki ölkənin kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ali Odabaş görüşə görə təşəkkürünü bildirib, qeyd olunan sahələrdə ölkəmizlə əməkdaşlığın və birgə layihələrin davam edəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin TEDA proqramı (Türk mədəniyyət, sənət və ədəbiyyat əsərlərinin dünyaya tanıdılmasına dəstək layihəsi) üzrə əməkdaşlıq, KOHA (beynəlxalq avtomatlaşdırılmış kitabxana-informasiya sistemi) sisteminin öyrənilməsi, bu təcrübə əsasında yeni milli sistemin yaradılması və ölkəmizdə tətbiqi imkanları müzakirə edilib. Türkiyənin xalq kitabxanaları ilə Azərbaycanın mərkəzləşdirilmiş kitabxana sistemləri arasında təcrübə paylaşımı, həmçinin Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Türkiyənin tanınmış nəşriyyatlarının cəlb edilməsi məsələləri barədə də fikir mübadiləsi aparılıb.