Yaxın günlərdə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpasına başlanılacaq. Bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək.

Bir müddət əvvəl Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba şah məscidində bərpa işlərinin aparılması haqqında niyyət məktubu imzalanıb. Ötən müddət ərzində hər iki tarixi abidənin bərpası ilə bağlı layihələndirmə aparmaq üçün TİKA tərəfindən təyin olunmuş podratçı şirkətin mütəxəssisləri qala və məsciddə ölçü, tədqiqat işləri həyata keçirilib, bərpa ilə bağlı layihə, cizgi və planların hazırlanmasına başlanılıb. Daha sonra hazırlanmış layihə yerli mütəxəssislərlə müzakirə olunub.

Böyük Mərdəkan qəsri və Tuba Şah məscidi ərazisində aparılan bərpa işləri ilə bağlı ərazidə iki ədəd məlumatlandırma lövhəsi quraşdırılıb.

Bu, Azərbaycanda tarixi abidələrin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)  tərəfindən ilk bərpa layihəsidir. Gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala tarixi mənbələrə görə, XII əsrdə – 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba şah məscidi isə 1481-1482-ci illərdə inşa olunub.