İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər davam edir. Bu layihələrdən biri Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun inşasıdır. Yolun təməli martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfəri zamanı qoyulub.

Dövlət başçısının tapşırığına əsasən, sözügedən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonunun Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. 39,7 kilometr uzunluğunda yeni yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC çəkir. Hazırda yolboyunca torpaq işləri aparılır. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.