Azərbaycanda televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsi öyrənilərək tətbiq ediləcək. Bu məsələ iyulun 13-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən seminarın mövzusu olub.

Tədbirdə Türkiyədə televiziya reytinqlərini öyrənən TİAK-ın (“Televizyon İzleme Araştırmaları” Anonim Şirkəti) rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli Televiziya və Radio Şurasının rəsmi nümayəndələri, televiziya kanallarının rəhbərləri iştirak ediblər.

Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov iştirakçıları salamlayaraq Azərbaycan-Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi seminarın əhəmiyyətini vurğulayıb. Bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da audiovizual sənayenin inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir. Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanıb. Bu sahədə təcrübəsi olan Türkiyənin teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir. Şura sədri qeyd edib ki, TİAK nümayəndələrinin Bakıda bu mövzuda təqdimat keçirməsi və Türkiyə təcrübəsinin müzakirəsi xüsusi önəm kəsb edir.

Seminarda Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da qardaş Türkiyənin media sahəsində atdığı uğurlu addımlarının Azərbaycanda da yaxından izlənildiyini və bu təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

TİAK-ın baş direktoru Dursun Güleryüz dəvətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib, TİAK şirkəti və onun fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra TİAK-ın Texniki komitəsinin üzvü Ogün Doğan Akyol qurumun televiziya izləmələrinin ölçülməsi sahəsindəki fəaliyyətinə həsr edilmiş geniş videotəqdimat keçirib.

Tədbirin ikinci hissəsində Türkiyə tərəfinin etdiyi təqdimat və müasir reytinq ölçmə sisteminin Azərbaycanda mümkün tətbiqi barədə müzakirələr aparılıb.