Gələn il İCESCO-nun Azərbaycanda regional ofisinin açılması da nəzərdə tutulur

 

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Rabatdakı (Mərakeş) qərargahında təşkilatın baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov arasında görüş keçirilib.

İCESCO-nun qərargahından bildiriblər ki, görüşdə əsas müzakirə mövzusu Azərbaycanın Şuşa şəhərinin 2022-ci ildə Asiya regionu üzrə “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması üzrə təşkilatın irəli sürdüyü təşəbbüs olub.

Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bu mühüm təşəbbüsün yüksək səviyyədə həyata keçirilməsi üçün lazım olan bütün tədbirləri görəcək. O əlavə edib ki, Şuşanın “İslam Mədəniyyətinin Paytaxtı” tədbirləri çərçivəsində İCESCO-nun Azərbaycanda regional ofisinin açılması da nəzərdə tutulur. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə İslam irsi abidələrinin müəyyən edilməsi və onların İslam Dünyası İrsi Siyahısına salınması istiqamətində texniki ekspert heyətinin də səfəri həyata keçiriləcək. Heyətin üzvləri Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə tarixi abidələrin bərpası planının layihəsi üzərində işləyəcəklər.

Görüşdə Azərbaycanla İCESCO arasında elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən digər layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İCESCO-nun “İslam Mədəniyyətinin Paytaxtı” layihəsi hər il üç region – Asiya, Afrika və Ərəb regionu üzrə elan edilir. Azərbaycandan Bakı və  Naxçıvan şəhərləri müvafiq olaraq 2009 və 2018-ci illərdə Asiya regionu üzrə bu missiyanı daşıyıb.