Azərbaycan Turizm Bürosunun nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin təlimçilərinə təşəkkürnamələr təqdim olunub. Dövlət Turizm Agentliyindən bildirilib ki, təlimlər komanda işi, yerli qastronomiyanın əsasları, turizm bələdçiləri üçün aktyorluq və təqdimat bacarıqları, rəqəmsal marketinq, onlayn satış platformalarından səmərəli istifadə, ünsiyyət bacarıqları, mətbəx təhlükəsizliyi, hotellər üçün sosial media, satış və marketinqin əsasları, gəlirin idarə edilməsi, emosional zəka, liderlik bacarıqları və digər mövzuları əhatə edib.

Turizm Təlim və Sertifikasiya Mərkəzinin məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi üçün ixtisaslaşmış kadrlar hazırlamaq, sənaye nümayəndələrini təlimə cəlb etməklə ölkədə turizm haqqında məlumatlılığı artırmaq, turizm sektorunda məşğulluğa töhfə və turizmin uzunmüddətli inkişafını təmin etməkdir.

Mərkəz iştirakçılara kurslarını bitirdikdən sonra təlimdə iştirak və ya praktiki bacarıqların inkişafı ilə bağlı sertifikatlar təqdim edir, eləcə də onların əmək bazarında rəqabətə uyğunlaşmasına imkan yaradır. Mərkəz tərəfindən indiyədək 444 iştirakçıya 28 təlim keçirilib və onlardan 330 nəfər sertifikatla təltif olunub.

Layihənin tərəfdaşları Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Hotel Assosiasiyası (AHA), Amerika Hotel və Yerləşdirmə üzrə Təhsil İnstitutu (AHLEİ), “JW Marriot Absheron” və “Abşeron Hotellər Qrupu”dur.