Xətai Sənət Mərkəzində iyulun 15-də “Su və rəng ahəngi” adlı akvarel sərgisi açılıb. Sərgi Beynəlxalq Sulu boya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “İWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “İWS Baku Khatai Art Gallery”in təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə gerçəkləşib.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışıb və akvarel sərgisi üçün işıq üzü görən kataloqu sənətsevərlərə təqdim edib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov akvarel texnikasının rəssamlıqda rolundan bəhs edib və son vaxtlar keçirilən akvarel sərgilərinin qənaətbəxş olduğunu bildirib.

Sənətşünas, professor Ziyadxan Əliyev akvarelin əsl Şərq – Azərbaycan sənəti olduğunu qeyd edib, sərgidə nümayiş olunan əsərlər haqqında fikirlərini bölüşüb.

“İWS Azerbaijan”ın rəhbəri Xasay Mirzəyev Beynəlxalq Sulu boya Cəmiyyətinin ölkəmizdə fəaliyyətindən danışıb. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi iştirakçılarına uğurlar arzulayıb. O, Xətai akvarel qalereyasının qapılarının hər zaman akvarelçilərin üzünə açıq olduğunu bildirib.

Qeyd edək ki, sərgidə iştirak etmək üçün 100-dən çox müraciət qeydə alınıb. Onların arasından “İWS Azerbaijan”ın bədii şurası tərəfindən 51 iştirakçı müəyyən olunub. Seçilmiş rəssamlar iyulun 10-dək əsərlərini çərçivələnmiş vəziyyətdə Xətai Sənət Mərkəzinə təqdim ediblər.