“Cinema Radio” kanalının iki yaşı tamam oldu. 2019-cu ilin 20 iyulunda Mədəniyyət Nazirliyi və “Avto FM”in dəstəyi, “AzerNyuMedia”nın təqdimatında yayımlanan radio kanalı dinləyicilərin görüşünə gəlmişdi.

Layihənin əsas məqsədi yerli və əcnəbi kino sənayesini müqayisəli şəkildə təqdim etmək, təhlillər aparmaqdan ibarətdir. Burada milli filmlərin audiotreylerləri, soundtracklar təqdim olunur, qonaqlarla müzakirələr aparılır. İki il ərzində “Cinema Radio”nun 120-dən artıq buraxılışı təqdim olunub. 100-dən çox qonaqla milli kinomuzun təhlili aparılıb.

"Cinema Radio" layihəsinin rəhbəri Kamran Qasımov, aparıcısı, RJ Yaqut, səs inzibatçısı Samir Əsədov, musiqi rəhbəri Yaşar Baxış, məsləhətçisi Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur.

Qeyd edək ki, ötən ay “Cinema Radio” Azərbaycan Mətbuat Şurasına üzv olub. Mədəniyyətin önəmli sahəsi olan kinonun təbliğatına yönəlmiş layihənin yaradıcı kollektivini təbrik edir, uğurlar arzulayırıq.

LALƏ