Jurnalist Sevda Mirzənin kitabı Türkiyədə çap olunub

 

TRT “Türkiyənin səsi” radiosunun əməkdaşı – aparıcı və tərcüməçi Sevda Mirzənin (Mirzəyeva) “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” adlı yeni kitabı Ankarada nəşr edilib.

Müəllifin dediyinə görə, 1985-1997-ci illər Azərbaycan publisistikası zamanın reallığını olduğu kimi, səmimi və salnamələr şəklində əks etdirərək dövrün mənzərəsini yaradıb. Bu dövrün publisistikasında, Birinci Qarabağ müharibəsi (1988-1994) də daxil olmaqla, vəziyyətdən doğan güclü vətəndaş mövqeyi və mövzu zənginliyi var.

Müəllif kitabla bağlı fikirlərini belə bölüşür: “XX əsrin 90-cı illərində, demək olar ki, Azərbaycanın bütün yazıçı, şair, jurnalist və politoloqları hadisələri təhlil edən yazılarla çıxış edirdilər. Heç kim baş verənlərə laqeyd qala bilmirdi. 1985-1997-ci illər arasında fəal olan jurnalistlərin bir qismi sonralar mətbuatdan uzaqlaşdı, bir qismi siyasi baxışını dəyişdi, ayrı-ayrı vəzifələrdə çalışdılar...

O zamanın mənzərəsinin 60-70 faizinə bir baxış, bir təəssürat olan bu kitabda kütləvi informasiya vasitələrinin bütün sahələrində – qəzet, jurnal, radio və televiziyada publisist çıxışları ilə yaddaşlarda dərin izlər buraxan adların kiçik bir hissəsi yer alır. Bu tədqiqat əsəri dövrün publisistikasının ümumi mənzərəsini göz önünə sərir”.

Qeyd edək ki, “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu (1991-1997) olmuş müəllifin magistr diplom (elmi rəhbəri professor Famil Mehdi) işidir.

Mehparə SULTANOVA
Ankara