Avropa İttifaqı (Aİ) ölkələri tədqiqatlar, innovasiya və texnologiyalardan ümumi və sərhədsiz istifadə üçün “Avropa Tədqiqatlar Məkanı” təşəbbüsünü yenidən canlandırmaq niyyətindədir.

Bu barədə Avropa İttifaqı Şurasına sədrlik edən Sloveniyanın təşkilatçılığı ilə Aİ ölkələrinin tədqiqatlar üzrə məsul nazirlərinin qeyri-formal görüşündə müzakirələr aparılıb.

2000-ci ildə təsis edilən və 2018-ci ildə bərpası istiqamətində addımlar atılan təşəbbüsün əsas hədəfi Aİ məkanında tədqiqatçıların mobilliyini, bilik mübadiləsini artırmaq, tədqiqatlar və innovasiyalara sərmayələri intensivləşdirmək, ali təhsil müəssisələri, işgüzar dairələr həmçinin digər tədqiqat aktorları arasındakı əməkdaşlığı dərinləşdirməkdir.

Müzakirələr zamanı qeyd edilib ki, sərhədləri aşan təşəbbüs çərçivəsində Aİ məkanında tədqiqatlar, innovativ layihələr sahəsində investisiyalar və islahatlar gücləndiriləcək, Avropanın rəqəmsal və yaşıl inqilaba nail olması üçün strateji hədəflər müəyyənləşdiriləcək.

Görüşdə həmçinin bildirilib ki, yenilənmiş Avropa Tədqiqatlar Məkanı milli və Avropa tədqiqatlar siyasətinin uğurlu bağlantısına çevrilməlidir. İlin sonunadək Aİ ölkələri yenilənmiş Avropa Tədqiqatlar Məkanının ilk sütunu sayılacaq tədqiqatlar və innovasiyalar üzrə paktı imzalamaq niyyətindədirlər.