Milli Mətbuat Günü ilə bağlı regionlarda tədbirlər

 

22 iyul – Milli Mətbuat Günü bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olunub. Tədbirlərdə mətbuatımızın 146 illik yoluna nəzər salınıb.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf tarixi" mövzusunda tədbir keçirilib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə "Milli Mətbuat Günümüz" adlı tədbir təşkil edilib. Tədbirdə əlamətdar günün tarixi haqqında məlumat verilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Zərdabi qəsəbə kitabxanası milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin adını daşıyan parkda sərgi təşkil edib. Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Əkinçi”dən düşən işıq” adlı onlayn tədbir keçirilib. Tədbirdə çıxış edən giriş MKS-nin direktoru Saməddin Nəsirov deyib ki, H.Zərdabi tərəfindən əsası qoyulmuş “Əkinçi” qəzeti bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində mühüm rol oynayıb.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan mətbuatının inkişafındakı rolu” mövzusunda onlayn konfrans keçirilib. Konfransda çıxış edənlər bu gün qalib ölkənin mediasının üzərinə çox böyük məsuliyyət düşdüyünü bildiriblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil edilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz və ifadə azadlığının təmin olunması, mətbuata göstərilən dövlət qayğısından danışıb.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon M.Ə.Sabir adına MKS-də əlamətdar günlə bağlı tədbir keçirilib. MKS-nin direktoru Nərmin Xəlilova mətbuat işçilərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda mətbuat nümayəndələri üçün çay süfrəsi təşkil olunub.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsində “Əkinçi”dən düşən işıq" adlı virtual kitab sərgisi təşkil edilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və şəhər MKS-nin 16 nömrəli kitabxana filialı "Sözdən başlanan dünya" mövzusunda onlayn görüş keçirib. MKS-nin 1 saylı kitabxana filialı “Əkinçi” və milli mətbuat” başlığı altında onlayn tədbir təşkil edib. MKS-nin 7 saylı kitabxana filialı yazıçı-jurnalist, hərbi marşlar müəllifi Minaxanım Əkrəmqızı ilə görüş keçirib. Samux rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin Sərkar kənd kitabxana filialının birgə təşkilatçılığı ilə "Mətbuat – xalqın təfəkkür çırağı" mövzusunda onlayn konfrans gerçəkləşib. Xocalı rayon Mərkəzi Kitabxanasında milli mətbuatımının 146-cı ildönümü münasibətilə məktəbli oxucular arasında “Təhsildən peşəyə” başlıqlı inşa yazı müsabiqəsi keçirilib. Fəal məktəblilərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Ölkəmizdə mətbuatın davamlı inkişafı” başlıqlı onlayn tədbir keçirilib. Mədəniyyət Mərkəzinin direktoru Leyla İsayeva qeyd edib ki, 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatımızın mühüm rolu olub. Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Qazax rayon Mədəniyyət Mərkəzi, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, rayon MKS və Tovuz rayon MKS də əlamətdar günlə bağlı müxtəlif tədbirlər təşkil ediblər.

NURƏDDİN