Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucova Teatr Xadimləri İttifaqının (ATXİ) “Sənətkar” medalı ilə təltif olunub.

İttifaqın sədri, Xalq artisti, professor Azər Paşa Nemətov mükafatı aktrisaya təqdim edərək ona teatr sahəsində səmərəli fəaliyyətinə və eyni zamanda 60 illik yubileyi münasibətilə xoş arzularını bildirib.

Nahidə Orucova ona göstərilən diqqətə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürünü bildirib, teatr sənətinin inkişafı naminə bundan sonra da əzmlə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Aktrisa mükafatla bağlı sevincini sosial şəbəkə hesablarında da izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, indiyə qədər ATXİ-nin "Sənətkar" medalına Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, teatrın aparıcı səhnə ustaları –Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Ramiz Məmmədov (mərhum sənətkar), Əməkdar artist Boris Qrafkin layiq görülüblər.

Nahidə Mülük qızı Orucova 1961-ci il iyulun 18-də Bakıda anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1993-cü ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  solist-vokalist kimi fəaliyyətə başlayan istedadlı aktrisa indiyədək bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.  Prezident mükafatçısıdır.