Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Keşikçidağda arxeoloji qazıntılar və “yay məktəbi” adlı layihə həyata keçirilir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının iştirakı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Sarıyoxuş dərəsi adlanan yerdə iki kurqanda arxeoloji qazıntılar aparılır.

İyulun 23-də Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli və digər əməkdaşları layihənin gedişi ilə tanış olublar.

Layihə haqqında məlumat verən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev ərazidə ötən ilin dekabr ayından 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilasetmə və arxeoloji kəşfiyyat işlərində ərazidə yerləşən kurqanların qeydə alındığını, GPS koordinatlarının götürüldüyünü bildirib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq Pərviz Qasımov aparılan arxeoloji işlər haqqında məlumat verib. Bildirib ki, ərazidə yerləşən çoxsaylı kurqanlardan ikisi tədqiq olunub.

İlkin tədqiqatlar zamanı dəfn kamerasında Son Tunc və İlk Dəmir dövrlərində mövcud olmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan qara cilalı, üzəri  naxışlı bir neçə küp, tuncdan qılınc, dəvəgözü daşından (obsidian) və çaxmaqdaşından ox ucluqları, ülgüclər, tuncdan hazırlanmış geyim aksesuarları tapılıb.

Kurqanların birində həmçinin qədim Şərqdə geniş yayılmış silindrik möhür və dövrünün yüksək statuslu şəxsinə məxsus olduğu ehtimal edilən müxtəlif heyvanların qalıqlarının yer aldığı qurbangah aşkar olunub.

Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, kurqanlardan aşkar olunmuş üzvi tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizindən sonra dəfn yerlərinin əhatə etdiyi tarixi dövr tam dəqiqləşəcək. Eyni zamanda kurqanların qorunması üçün də müvafiq işlər həyata keçiriləcək.

Qeyd edək ki, iyunun 15-də başlayan layihədə qoruğun əməkdaşları ilə yanaşı könüllülər də iştirak edirlər.

Layihənin fəal iştirakçılarına Dövlət Xidmətinin sertifikatları təqdim olunub.