Gənclər Kitabxanasının esse müsabiqəsi

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Azərbaycanımızın bütövlüyü uğrunda şərəflə döyüşən və adını əbədi olaraq şanlı tariximizə yazan qəhrəmanlarımız haqqında esse müsabiqəsi elan edib.

Müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənimizin suverenliyi uğrunda canından keçən və adını qalib Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi və onların böyüməkdə olan gəncliyimizə nümunə kimi təqdim olunmasıdır.

Müsabiqədə iştirak etmək istəyən 16 yaşdan 35 yaşadək gənclər 1 noyabr 2021-ci il tarixinə kimi öz esse nümunələrini kitabxananın ryl.az@mail.ru elektron ünvanına təqdim etməlidirlər. Təqdim olunan esselər kitabxananın “İnstagram” və “Facebook” sosial şəbəkə səhifələrində yayımlanacaq. Qalib onlayn səs çoxluğu əsasında (“bəyənmə” sayına görə) müəyyən ediləcək.

Müsabiqədə 2 nəfər qalib seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq. Bundan əlavə, kitabxana toplanan esse nümunələri əsasında gələcəkdə elektron bazanın da yaradılmasını planlaşdırır.

Esse nümunələri qəhrəmanlar haqqında tarixi faktları və onların həqiqi fotogörüntülərini əks etdirməli, mətn aydın və səlis ifadə edilməli, essenin həcmi 10 səhifədən çox olmamalıdır. 

Respublika Gənclər Kitabxanası tərəfindən keçirilən  “Vətən müharibəsinin tarix yazan qəhrəmanları” mövzusunda esse müsabiqəsinin şərtləri və əlavə informasiya ilə  kitabxananın sosial şəbəkə səhifələri vasitəsilə tanış olmaq olar:

https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279