Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsünə əsasən, 22-25 iyul tarixlərində nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” elan olunmuşdu. Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzi də bu təşəbbüsə qoşulub. Milli Mətbuat Günü münasibətilə mərkəzdə uzun illər mətbuat sahəsində fəaliyyət göstərmiş jurnalistlər Fikrət Şahbazlı və Əlövsət Babayevin iştirakı ilə tədbir təşkil olunub. Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev Milli Mətbuat Gününün tarixi barədə söz açıb. Qocaman jurnalist Əlövsət Babayev yaradıcılıq yolu barədə fikirlərini bölüşüb. Sonda qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla və dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

***

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Çobankol kənd Mədəniyyət evində "Əkinçi” 146" başlığı altında tədbir keçirilib. Tədbirdə Çobankol kənd kitabxanasının müdiri İradə Nurullayevanın milli mətbuatın yaranması və bu günü haqqında məruzəsi dinlənilib. Sonra Mədəniyyət evinin bədii rəhbəri Aygün Məmmədova və mədəni təşkilatçı Zəminə Cəfərova "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Oğuz rayon MKS-nin Qarabulaq və Baş Daşağıl kənd kitabxana filiallarında da əlamətdar günlə bağlı informasiya saatı təşkil olunub.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Milli mətbuat – Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri" adlı onlayn tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan mətbuatının bu günü və tarixi inkişafı haqqında söz açıblar.

***

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Milli Mətbuat Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki, Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 146 ildə ağır sınaqlardan keçib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

NURƏDDİN