Mədəniyyət Nazirliyi şəhid mədəniyyət işçilərindən bəhs edən "Səhnədən səngərə" layihəsinin yeddinci buraxılışını təqdim edib. Layihənin videomaterialı şəhid Alim İbrahimov haqqındadır.

Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuşdu. Ailəsi Mingəçevir şəhərinə köçəndən sonra o, şəhər 4 saylı orta məktəbində almışdı. Hələ uşaq yaşlarından musiqiyə həvəsi vardı. Bu istəklə 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxumuş, sonra sənət təhsilini Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecində davam etdirmişdi. 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyirdi.

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda Alim də cəbhəyə yollanır. Döyüşlərdə rəşadət göstərir, Tərtərin Suqovuşan kəndi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır... Noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov deyir ki, Alim səmimi insan idi. Məktəbdə işləməyə başlayandan sonra rayonumuzu çox  bəyəndiyini və burada ailə həyatı qurub yaşayacağını deyərdi. Alim özü ailə qura bilməsə də, aylar öncə qardaşının doğulacaq övladına Səma adını vermişdi. 44 günlük Vətən müharibəsinə yollananda da ən böyük arzusu sərhədləri bütöv Azərbaycanda yaşamaq idi. Bu gün Alim kimi igid oğulların sayəsində sərhədləri bütöv olan Vətən torpağında onun ad verdiyi qardaşı övladı kimi minlərlə körpə fidan böyüyür.

"Səhnədən səngərə" layihəsinin yeddinci buraxılışını bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3BIu7Dl