Türkiyənin Malatya vilayətinin Battalqazi bölgəsindəki Arslantəpə kurqanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu barədə qərar UNESCO-nun Dünya İrs Komitəsinin Çin Xalq Respublikasının Fuçjou (Fuzhou) şəhərində keçirilən 44-cü sessiyasında qəbul olunub.

Arslantəpə kurqanı Türkiyənin Dünya İrsi Siyahısında yer alan sayca 19-cu mədəniyyət abidəsidir.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Arslantəpə kurqanı bizim eradan əvvəl Şərqi Anadolu və Mesopotamiya cəmiyyətlərində dövlətin formalaşma prosesinə şahidlik etmiş abidədir. Eyni zamanda Yaxın Şərqdə ilk dövlətlərin, bölgə iqtisadiyyatına nəzarət edən mərkəzləşmiş hökumətin ortaya çıxması kimi bir çox məqamların tarixi izlərini yaşadan abidə bu dəyərlərə görə UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası onlayn formatda keçirilir.