Prezident İlham Əliyev iyulun 27-də ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olunub.

Söhbət zamanı Oklahoma qubernatoru Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonuna səfərinə toxunulub. Con Kevin Stitt bu səfərin həmin ərazilərdə reallaşdırılan “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib.

Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilib, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları qeyd olunub.

Görüşdə həmçinin Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulanıb.

Sonda xatirə hədiyyələri təqdim olunub.