Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti növbəti humanitar aksiyasını həyata keçirib. Teatr şəhid övladları üçün Lənkəranda təşkil olunan “YAŞAT” düşərgəsinin qonağı olub.

Kuklaçılar “YAŞAT” Fondunun və “ASAN Könüllüləri”nin birgə təşkilatçılığı ilə şəhid övladları üçün teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını göstəriblər.

Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Monotamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır. Mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.

Tamaşanın ifaçısı aktrisa Ülviyyə Əliyevadır. İfaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda – Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar çıxış edir.

İstər tamaşa, istərsə də nümayişdən sonra keçirilən əyləncəli oyunlar uşaqların böyük sevincinə səbəb olub.