Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialı yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.

Kitabxananın sosial hesablarında oxuculara təqdim edilən videoçarxda yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, Ələviyyə Hənifə qızı Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb.

Ələviyyə Babayeva ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlayıb. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr edib. O, "Azərbaycan qadını" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında şöbə müdiri, baş redaktor vəzifələrində çalışıb. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyi qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olub. 23 sentyabr 2014-cü ildə vəfat edib.

Videoçarxda həmçinin yazıçının fotoları və kitabları da təqdim olunur.