Pandemiya başlayandan bəri ilk dəfə

 

Azərbaycan Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionunun keçirilməsi planlaşdırılır.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art-biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.

Bu, COVİD-19 pandemiyasının başlamasından sonra ölkəmizdə təşkil edilən ilk incəsənət auksionu olacaq.

“Auction Baku” MMC Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivlərini nəzərə alaraq incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu keçirməkdə maraqlıdır.

Hərracda iştirak etmək istəyənlər şirkətin e-mail ünvanlarına (almaq üçün – auction.baku1@gmail.com, satmaq üçün – auction.baku2@gmail.com, əlaqə nömrəsi – 077 717 33 37) müraciət sorğusu göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat bitdikdən sonra əsərlərə komissiya tərəfindən baxılacaq və hərraca qəbul edilən işlər müəyyənləşəcək.

Auksionun keçirilmə tarixi haqqında əlavə məlumat veriləcək.