Təl-Əviv şəhərində ölkəmizin ticarət və turizm nümayəndəlikləri açılıb

 

İyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının ticarət və turizm nümayəndəlikləri açılıb.

Tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ticarət və turizm nümayəndəliklərinin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. M.Cabbarov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycana göstərdiyi dəstəyə görə İsrail tərəfinə təşəkkürünü bildirib, İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasına göstərdikləri marağı yüksək qiymətləndirib.

İqtisadiyyat naziri enerji, səhiyyə, rəqəmsallaşma, investisiyalar, innovasiya, İKT, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb və İsrail iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanmağa dəvət edib.

Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında ölkəmizdə tarixi yəhudi irsinin qorunması və bu irsin turizm potensialından söz açıb. Bildirib ki, agentlik tərəfindən “Azərbaycanda yəhudi irsi” turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə dağ yəhudilərinin sıx yaşadığı Quba rayonundakı Qırmızı qəsəbədə turizm marşrutlarının inkişafı istiqamətində addımlar atılır.

İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını, qarşılıqlı etimad və hörmətə əsaslandığını qeyd edib. Bildirib ki, İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması ölkələrimizin otuz ilə yaxın davam edən əməkdaşlığında tarixi hadisədir. Bu mühüm qərarı qəbul etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Yoel Razvozov iqtisadi əməkdaşlığın yeni hədəflərinin qarşıya qoyulduğunu və nümayəndəliklərin bu məqsədə xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, nümayəndəliklər müxtəlif sahələrdə birgə biznes qurmaq istəyən İsrail iş adamları üçün yeni ünvan, əlverişli platforma olacaq.

Tədbir zamanı Azərbaycanın iqtisadi və turizm potensialı haqqında təqdimat da keçirilib.