Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları başa çatıb.

İyulun 27-28-də  I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (blok fənləri üzrə) keçirilib. II və III ixtisas qrupları üzrə qəbul imtahanları isə 14-15 iyul tarixlərində təşkil edilmişdi.

İyulun 28-də, həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37793 abituriyentdən (II qrup üzrə 16758 nəfər, III qrup üzrə 21035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib. Abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Qəbul imtahanında II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək – 400 bal toplayıb. Onlardan biri – Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin (buraxılış – qəbul imtahanın 1-ci mərhələsi və blok fənləri üzrə imtahan) cəminə görə 691.2 bal toplayıb. Bu, 2021-ci ildə II ixtisas qrupu üzrə ən yüksək baldır.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzunu əldə edib: 680 bal (II mərhələdə 385.2 bal, I mərhələ isə 294.8 bal).

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin iki həftə ərzində – avqustun 10-dək elan edilməsi gözlənilir. Bundan sonra yekun mərhələ – dörd qrup üzrə ali məktəblərə ixtisas seçimi və toplanmış ballara müvafiq yerləşdirmə keçiriləcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə, habelə 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı isə iyulun 29-da başa çatıb.