“Buraya gəlməzdən əvvəl Azərbaycanın mədəniyyət beşiyi Şuşa haqqında eşitmişdik”

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri iyulun 29-da Şuşa şəhərinə səfər edib.

Nümayəndə heyətləri Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini və digər məkanları ziyarət ediblər.

Qonaqlara işğal dövründə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib. Daha sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Türkiyə-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Bu sözləri, həmçinin Pakistanla münasibətlər barədə də demək mümkündür. Biz Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini Pakistanla üçtərəfli münasibətlərə çevirməyə qərar verdik.

Bu fikirləri Şuşada AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop söyləyib.

O bildirib ki, iyulun 27-də Azərbaycan Milli Məclisində imzalanan üçtərəfli Bakı Bəyannaməsi üç ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyimizin təmin olunmasında mühüm rol oynayacaq.

TBMM-in sədri diqqətə çatdırıb ki, birgə əməkdaşlıqla bağlı təşəbbüs Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova tərəfindən bu ilin aprel ayında Pakistanın İslamabad şəhərində keçirilən iqtisadi konfransda irəli sürülüb və çox qısa zamanda həyata keçirilib.

Mustafa Şentop Türkiyənin hər zaman qardaş və dost ölkələrin yanında olduğunu deyib və bunun ən gözəl təzahürü kimi ölkəsinin Azərbaycanın 44 günlük Vətən müharibəsində verdiyi dəstəkdən danışıb.

TBMM-in sədri Şuşa barədə ilk təəssüratını da bölüşüb. “Buraya gəlməzdən əvvəl Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri haqqında eşitmişdik. Bu gözəl və əsrarəngiz şəhəri öz gözlərimlə görmək məni həyəcanlandırdı. Amma təəssüflə demək istəyirəm ki, Şuşada gördüyümüz dağıntılar bizi məyus etdi. Özlərini bu şəhərin “sahibi” adlandıranlar buranın gözəlliyinə xələl gətiriblər. Bunu ancaq işğalçı zehniyyətli və işğalçı siyasət yürüdən ölkə edə bilər”, – deyə o bildirib.

İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Şuşada da bərpa-quruculuq işlərinin sürətlə getdiyini bildirən Mustafa Şentop deyib: “İnanıram ki, yaxın bir-iki ayda Şuşa şəhərində həyat öz axarına düşəcək”.

Qeyd edək ki, nümayəndə heyətləri Şuşadan qayıdarkən yolüstü Füzuli rayonunda da olublar.  Nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.

Qonaqlar Füzuli şəhərində  erməni vandalları tərəfindən dağıdılan binaların qalıqlarına baxıb, yeni inşa olunan Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.