Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində “Poeziya dünyasının dahisi Nizami Gəncəvi yaradıcılığı” mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin gənc könüllüləri tərəfindən Nizami Gəncəvinin qəzəlləri səsləndirilib.
Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Birinci Biləcik kənd Folklor evi və MKS-nin 24 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə “Dahi Nizaminin söz dünyası” adlı tədbir keçirilib. Tədbirdə Folklor evinin direktoru Zərnişan Həsənova şairin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Biləcik kənd tam orta məktəbinin şagirdləri Nizaminin qəzəllərindən nümunələr səsləndiriblər. Tədbirin sonunda dahi şairin əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilib. Balakən rayon Qullar kənd Sənətkarlıq evinin təşkilatçılığı ilə “Qüdrətli söz ustadı” adlı onlayn tədbir keçirilib. Tədbirdə “Xosrov və Şirin” və “Sirlər xəzinəsi” əsərlərindən parçalar, dahi şairin hikmətli kəlamlarından nümunələr söylənilib.
İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Söz, kitab və mütaliə” adlı tədbir keçirilib. Çıxış edənlər əsrlər boyu Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yeri olan Nizami Gəncəvi irsinin bu gün də öz aktuallığını saxladığını vurğulayıblar. Qəbələ rayon Mədəniyyət Mərkəzinin Bum qəsəbə Mədəniyyət evi isə “Nizami Gəncəvi yaradıcılığından nümunələr” adlı videoçarx hazırlayıb.