Bu ilin mart ayında mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərindən sonra iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın üfüqləri genişlənib. Bu prosesə regionlar da cəlb olunub.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycan nümayəndəliyinin rəhbəri Teoman Tiryaki ilə görüşüb. Görüşdə mədəniyyət sahəsində həyata keçiriləcək birgə layihələr müzakirə olunub, işgüzar əlaqələrin davam etdirilməsi ilə bağlı gələcək fəaliyyət proqramı nəzərdən keçirilib.
İdarə rəisinin Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıçla da görüşü olub. Söhbət zamanı Azərbaycan və türk mədəniyyətlərinin ortaq təşviqi, gələcəkdə qarşılıqlı işgüzar əlaqələrin inkişaf etdirilməsinə toxunulub. Eyni zamanda digər türkdilli ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi, yaradıcı insanların irsinin tanıdılması və öyrədilməsi istiqamətində layihələrin gerçəkləşdirilməsinə dəstək məsələlərindən söz açılıb.