“YAŞAT” Fondunun və “ASAN Könüllüləri”nin birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, düşərgənin ikinci günündə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi tərəfindən “Şəngülüm, Məngülüm” tamaşası nümayiş etdirilib. Həmçinin Xanbulan gölünə və Hirkan Milli Parkına ekskursiya təşkil olunub.

Şəhid Ariz Məhərrəmovun övladı Mədinə Məhərrəmovanın doğum günü də “YAŞAT” düşərgəsində qeyd edilib. Günə musiqili əyləncə proqramı ilə yekun vurulub. Düşərgənin üçüncü günündə səhər idmanı, ardınca isə psixoloqlarla görüş və uşaq parkında əyləncə saatı təşkil olunub.

8-11 yaş kateqoriyasında olan şəhid övladlarının qatıldığı düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, sənətçilər, tanınmış şəxslərlə görüşlər, konsert proqramları, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər təşkil olunur. Tərəfdaş qurum və şirkətlər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

İyulun 12-dən başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgə həftəsi nəzərdə tutulub. Düşərgənin baş sponsorları “Lankaran springs” hoteli və “PMD Hospitality”dir.