AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə və Beynəlxalq əlaqələr şöbəsinin Əlyazmaların elmi ekspozisiyası sektorunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfova Türkiyənin Atatürk Kitabxanasında elmi araşdırma aparıblar.

Əlyazmalar İnstitutundan verilən məlumata görə, alimlər Atatürk Kitabxanasının müdiri Əli Şəfəq Özdəmirlə görüşüb, kitabxananın fondunda mühafizə olunan materiallar, buradakı 4760 cild əlyazmanın toplanılma tarixi, mövzu və dil üzrə təsnifatı, ekspozisiyası və kataloqlaşdırılması barədə ətraflı bilgi əldə ediblər. Həmçinin əlyazmaların bərpa və rəqəmsal arxivdə elektronlaşdırılması işi ilə tanış olublar.

Kitabxana rəhbərliyi tərəfindən Əlyazmalar İnstitutunun əməkdaşlarına “Atatürk Kitabxanasında qorunan türkcə əlyazma divanlarının əlifba kataloqu” və Hüseyn Türkmənin “Türkiyə kitabxanaları əlyazma kataloqları (1923-2006)” hədiyyə olunub.

Qeyd edək ki, Atatürk Kitabxanasının fondunda Nəsimi, Xətai, Füzuli kimi görkəmli Azərbaycan şairlərinin anadilli divanlarının nüsxələri də mühafizə olunur.