Ölkəmizi alman tələbələrə tanıtmaq üçün yay məktəbi

 

Azərbaycan Dillər Universitetində sentyabrın 4-dən 14-dək “Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü” mövzusunda yay məktəbi təşkil olunacaq.

Universitetdən bildirilib ki, yay məktəbində ölkəmizdə istənilən ixtisas üzrə təhsil alan, alman dili bilik səviyyəsi (minimum B1) və ingilis dili bilik səviyyəsi (minimum B1) olan tələbələr (bakalavr, magistr) iştirak edə bilərlər.

Yay məktəbinin məqsədi Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrə ölkəmizi tanıtmaqdır. Layihə azərbaycanlı tələbələrə ölkəmiz haqqında ilk təəssürat yaratmaq, müxtəlif sahələr üzrə aktual mövzularda müzakirələrdə iştirak etmək imkanı verəcək, eləcə də  Almaniyadan və Azərbaycandan olan iştirakçılar arasında ünsiyyətin qurulmasına, yeni nəzəri və praktik biliklərin əldə olunmasına şərait yaradacaq.

Yay məktəbində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri (ədəbiyyat, dil, tarix, musiqi, incəsənət, iqtisadiyyat və s.) üzrə yerli və alman ekspertlərin, alim və mütəxəssislərin alman və ingilis dillərində məruzələri dinləniləcək və onların ətrafında müzakirələr aparılacaq.

Yay məktəbində iştirak edəcək tələbə ayrı-ayrı sahələr üzrə intellektual müzakirələr aparmağı bacarmalı, Azərbaycanın tarixi və mədəniyyəti, ictimai həyatı haqqında məlumatlı olmalı, Bakı və Abşeronun tarixi-mədəni guşələrinə və abidələrinə ekskursiyalarda (Qız qalası, Şirvanşahlar sarayı, Yanardağ, Atəşgah, Qobustan və s.) alman dilində bələdçilik etməlidir. Eyni zamanda dostlaşdığı alman tələbəni Azərbaycan ailəsi, məişəti ilə tanış etmək üçün bir axşam evinə qonaq dəvət etməlidir.

Qeydiyyat üçün lazım olan sənədlər avqust ayının 15-dək “Go East Sommerschule 2021” başlığı altında Azərbaycan Dillər Universiteti Germanistika İnstitutunun elektron poçt ünvanına (germanistikinstitutasu1@gmail.com) göndərilməlidir.