Çinin Fuçjou (Fuzhou) şəhərinin ev sahibliyində 16 iyulda başlanan UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası iyulun 31-də işini başa vuracaq. Ötən il pandemiya səbəbindən ertələnən və bu il də eyni səbəbdən onlayn formatda təşkil olunan sessiyanın gündəliyində Dünya İrsi Siyahısına irəli sürülmüş ümumilikdə 42 nominasiya var. Qəzetimizin ötən saylarında siyahıya daxil edilən bir sıra nümunələr haqqında məlumat vermişdik.

Sessiyada Dünya İrsi Siyahısına daxil edilən abidələr sırasında Səudiyyə Ərəbistanının Nəcran bölgəsindəki Hima tarixi ərazisi də var. Həcc ziyarətinə gedən zəvvarların karvan yolunun üzərindəki bu yerdə qədim bədəvi qəbilələrinin və səyahətçilərin çəkdikləri unikal qayaüstü rəsmləri və yazılar mövcuddur. Qədim heroqliflər musnad, tamud, nabateya qəbilələrinə və erkən ərəb mədəniyyətinə məxsusdur. Hima tarixi rayonu Səudiyyə Ərəbistanının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş altıncı irs nümunəsidir.

Qeyd edək ki, Dünya İrsi Siyahısı UNESCO-nun “Dünya mədəni və təbii irsinin qorunması haqqında”  1972-ci il Konvensiyası əsasında tərtib edilib. Siyahıya daxil edilən müstəsna universal dəyərə malik olan abidə və məkanlar ümumbəşəri irs elan edilir. Hazırkı sessiyayadək bu siyahıda 1121 obyekt vardı ki, onların 869 mədəni, 213-ü təbiət, 39-u isə qarışıq abidədir.

Xatırladaq ki, Azərbaycandan “Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər” (2000), “Qobustan qaya sənəti mədəni landşaftı” (2007) və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi”  (2019) nominasiyaları Dünya İrsi Siyahısına daxil edilib.