Meksikanın “ContraReplica” və “Valija Diplomática” qəzetlərində jurnalist Federiko Lamontun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər təəssüratları barədə məqalələri dərc olunub.

“Şuşa – Azərbaycanın azadlıq simvolu” və “Qarabağ odlar diyarı Azərbaycanındır!” başlıqlı məqalələrdə müəllif Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərinə səfərindən söz açır. Jurnalist yazılarında Şuşanın hərbi-strateji əhəmiyyətindən, habelə ölkəmiz üçün daşıdığı tarixi, mədəni və rəmzi önəmdən danışır və şəhərin işğaldan azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvoluna çevrildiyini qeyd edir.

Sonra 44 günlük müharibə zamanı Ermənistanın mülki azərbaycanlıları hədəf alaraq hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə şəhərinə gecə saatlarında raket zərbələri endirdiyi, bu zaman qadınlar və uşaqlar da daxil olmaqla onlarla insanın həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir.

Məqalələrdə Cəbrayıl və Ağdam şəhərlərinin erməni vandalizminə məruz qaldığı və buradakı yaşayış infrastrukturu və tarixi-mədəni abidələrin tamamilə darmadağın edildiyi haqqında məlumat verilir.

Yazılarda otuz ilə yaxın işğal altında saxlanılmış ərazilərdə Ermənistanın apardığı kütləvi minalanmadan da bəhs edilir, 2020-ci ilin 10 noyabr tarixində əldə olunmuş atəşkəs razılaşmasından sonra onlarla hərbi və mülki azərbaycanlının erməni silahlı qüvvələrinin basdırdığı minaların partlaması səbəbindən həyatını itirdiyi diqqətə çatdırılır.