Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları iyulun 30-da Füzuli, Xocavənd rayonlarına, Şuşa şəhərinə səfər ediblər. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan işlərlə tanışlıqdır.

Füzuli rayonuna iki işçi qrupu – Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhər Şəhərsalma məsələləri üzrə nümayəndələr səfər edib. Səfər proqramına uyğun olaraq yeni inşa olunan Füzuli Beynəlxalq Hava Limanına baxış keçirilib, həmçinin şəhərin ərazi planlaşdırmasına dair sənədin hazırlanması ilə bağlı təqdimat olub. Daha sonra nümayəndələr Füzuli-Hadrut yolunda minatəmizləmə işləri və Zəfər yolunun (Füzuli–Şuşa)  tikintisinin gedişi ilə tanış olublar.

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulur. Aerovağzal binasının tikintisində beton işləri təxminən 80 faiz yekunlaşıb. Liman kompleksinin bu ilin sonuna kimi tam istifadəyə verilməsi proqnozlaşdırılır.

Bu barədə AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, təyyarələrin qəbul olunması üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağı tamamlanıb, hazırda asfalt-beton örtüyü döşənir. Terminal binasında dəmir-beton konstruksiyaların quraşdırılması işləri 100 faiz icra edilib. Hava limanı 400 tona qədər ağırlığı olan hava gəmilərini qəbul edə biləcək.

Şuşa şəhərinə səfər zamanı 2 işçi qrup – Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə işçi qruplarının üzvləri tərəfindən Şuşa şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı məlumat verilib, Şuşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçirilib.

Səfərin növbəti ünvanı Xocavəndin Hadrut qəsəbəsi olub. Burada 3 işçi qrupun (Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri üzrə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə) üzləri mövcud vəziyyətlə tanış olub, o cümlədən tarixi-mədəni irsin bərpası istiqamətində görüləcək işlər nəzərdən keçirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qrupu iyulun 29-da Ağdam rayona səfər etmişdi.