Prezident İlham Əliyev iyulun 31-də tanınmış müğənni, Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb. Sənətkar Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə təltif edilib.

Ölkə başçısının digər sərəncamı ilə Flora Ələkbər qızı Kərimovaya Prezidentin fərdi təqaüdü verilib.

İyulun 23-də 80 yaşı tamam olan görkəmli müğənni bir çox Azərbaycan bəstəkarlarının mahnılarını yüksək sənətkarlıqla ifa edib. O, bənzərsiz səsi və ifa manerası ilə milli estrada sənətinin inkişafına töhfələr verib, musiqisevərlərin dərin rəğbətini qazanıb.