Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazinin vəfatından 37 il ötdü.

Həmin gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı – Niyazinin Mənzil-Muzeyinin əməkdaşları, musiqiçilər və ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda sənətkarın məzarını və Bakı şəhərindəki abidəsini ziyarət ediblər.

Maestronun anım günündə mənzil-muzeyində “açıq qapı” günü elan edilib. Niyazi haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub. Muzeyə gələn ziyarətçilərə Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Həmçinin Əməkdar mədəniyyət işçisi, görkəmli publisist Fazil Rəhmanzadənin “Ən böyük Niyazi, ondan böyük yox!...” kitabının təqdimatı da keçirilib.