Avqustun 1-də xarici media nümayəndələrinin Gəncə şəhərinə səfəri təşkil olunub. Səfərin məqsədi əcnəbi jurnalistləri 2020-ci ilin 44 günlük müharibəsi zamanı – oktyabrın 11-də və 17-də cəbhə zonasından kənarda yerləşən Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, müvafiq konvensiyaları pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub və onlardan 6-sı uşaqdır. Atəş nəticəsində 142 nəfər yaralanıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.