Azərbaycanın heyrətamiz gözəlliyi ilə hər kəsi məftun edən Qəbələ şəhəri bu il də ənənəsinə sadiq qalaraq 31 iyul - 4 avqust tarixlərində musiqisevərləri, mədəniyyət xadimlərini öz ətrafına topladı. XII Qəbələ Musiqi Festivalının bu il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunması isə musiqi ictimaiyyətinin sevincini ikiqat artırdı.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının dəstəyi ilə keçirilir.

SSRİ və Azərbaycanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin bədii rəhbər olduğu Qəbələ Musiqi Festivalının proqramı bu il də olduqca zəngindir. Festivalda simfonik, kamera, vokal, muğam musiqisi axşamları təşkil edilir, musiqi mədəniyyətimizin görkəmli nümayəndələri tərəfindən bir-birindən gözəl ifalar təqdim olunur.

Builki festival ilkləri ilə də yaddaşlarda qalacaq. Belə ki, avqustun 1-də respublikamızın ilk və yeganə kontratenor səs tembrinə malik opera müğənnisi, Prezident təqaüdçüsü, onlarla nüfuzlu beynəlxalq vokal müsabiqələrinin laureatı, Əməkdar artist İlham Nəzərovun Qəbələ Musiqi Festivalında ilk dəfə çıxış etməsi dinləyicilərə böyük zövq yaşatdı və könülləri oxşadı. Konsertdə müğənnini Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Bakı kamera orkestri” müşayiət edirdi. Orkestrin baş dirijoru Əməkdar artist Fuad İbrahimov, dirijoru Cavad Tağızadə, konsertin aparıcısı isə Xalq artisti, professor Zəhra Quliyeva və Əməkdar artist Oleq Əmirbəyov idi.

Hər bir xalqın milli-mənəvi dəyərləri onun sərvətidir. İ.Nəzərov da unikal səs tembri ilə musiqi mədəniyyətimizin parçası və mənəvi sərvətimizdir. O, dünyada kontratenor səs tembrinə malik nadir opera müğənnilərindən biridir. Azərbaycan opera səhnəsi tarixində onlarla obrazın yaradıcısı olan musiqiçi İtaliya, Avstriya, Fransa, Finlandiya, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrin opera teatrlarında, bir çox festival və konsertlərdə yüksək səviyyədə çıxışları ilə musiqi mədəniyyətimizi layiqincə təmsil edib.

İ.Nəzərovun repertuarında Barokko musiqisi xüsusi yerə malikdir. Müğənni respublikamızda Barokko musiqisinin təbliğatçılarından biridir. Qəbələ Musiqi Festivalında ifaçının Q.F.Hendel musiqisinə yer verməsi də təsadüfi xarakter daşımır.

XII Qəbələ Musiqi Festivalında İ.Nəzərov həm də müəllim kimi iştirak edib, onun tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Sübhan Rüstəmovun ifası maraqla qarşılanıb. Qeyd edək ki, S.Rüstəmov Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının IV kurs tələbəsidir. Bu həm də gənc nəsil ifaçıların əmin əllərdə olmasından xəbər verir.

Qələbə festivalı Azərbaycan musiqi mədəniyyətinin inkişafında və təbliğində mühüm rol oynayan əhəmiyyətli layihələrdəndir.

Rüfət PİRİYEV
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı