Mədəniyyət naziri Anar Kərimov avqustun 3-də Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Anar Kərimov nümayəndə heyətini səmimi salamlayıb, qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının törətdiyi fəsadlardan sarsıldığını bildirib, yanğınlar zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Şərəf Atəş qardaş Azərbaycanın bu günlərdə Türkiyəyə göndərdiyi yardım heyəti və texnika dəstəyinə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət, kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, zəngin tarixi ilə tanınan Qarabağa həsr olunmuş filmlərin çəkilməsi, ortaq mədəni irsin qorunması, qarşılıqlı uzunmüddətli təlimlərin keçirilməsi, tarixi abidələrin tədqiq olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

Şərəf Atəş qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyəti bundan sonra da uğurla davam etdirməyə hazır olduqlarını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.