Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri zamanı aşkarlana biləcək məzar yerləri ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, infrastrukturun bərpası və tikinti-quruculuq işləri aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış məlumatlara, o cümlədən şahid ifadələrinə əsasən, Birinci Qarabağ müharibəsi zamanı yaşayış məntəqələri işğal edilərkən Ermənistan ordusu və terrorçu-quldur dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşları həmin ərazilərdə dəfn olunub.

İşğaldan azad olunmuş ərazilərdə görülən müvafiq işlər zamanı aşkarlanmış naməlum məzar yerlərində ekshumasiyanın qeyri-peşəkar şəxslər tərəfindən aparılması və meyit qalıqları ilə ehtiyatsız davranış məlumat və sübutların, həmçinin artefaktların itməsinə səbəb ola bilər. Bu cür hallara yol verilməsi isə sonradan meyit qalıqlarının eyniləşdirilməsində ciddi problemlər yarada bilər.

Göstərilənlər və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 3890 vətəndaşımızın sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyi nəzərə alınaraq, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri zamanı kütləvi və fərdi məzar yerləri aşkar olunacağı halda ekshumasiya işlərinin mütəxəssislər tərəfindən aparılması məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dərhal məlumatlandırılmalıdır

Bununla bağlı Azərbaycan Respublikasının Baş naziri tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.