Bakıda 6 saylı “ASAN Xidmət”in açılışı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına mərkəz barədə məlumat verib.

Bildirib ki, 6 saylı “ASAN Xidmət” mərkəzində müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Mərkəzdə ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilər, Vətən müharibəsinin iştirakçılarıdır.

Bildirilib ki, hazırda ölkədə fəaliyyət göstərən 20 “ASAN Xidmət” mərkəzinin 5-i Bakıda, 15-i digər şəhər və rayonlardadır. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN Xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN Xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. İndiyədək “ASAN Xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Qeyd edək ki, dövlət başçısının təşəbbüsü ilə 2012-ci ildə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzləri bürokratik əngəllərin qaldırılması və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanınıb.

Prezidentə ASAN sosial innovasiyalar texnoparkı, görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN İCESCO mükafatı barədə də məlumat verilib.