Səfərimin məqsədi “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı” layihəsi çərçivəsində regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi, sülhün bərqərar olması və digər prioritet məsələlər üzrə əməkdaşlıq və işbirliyi üçün müzakirələr aparmaqdır.

Ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri, britaniyalı siyasətçi və hüquqşünas Səccad Heydər Kərim bu fikri avqustun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşdə deyib.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli dövlətimizin başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara böyük qayğı və diqqət göstərir.

Qeyd olunub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə – öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

Səccad Heydər Kərim işğaldan azad olunmuş ərazilərə gedəcəyini vurğulayaraq Azərbaycanın mövcud həqiqətləri ilə yaxından tanış olmaq, mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istədiyini diqqətə çatdırıb.

Görüşdə avropalı qonağın Dövlət Komitəsinin fəaliyyəti, məcburi köçkünlərlə bağlı mövcud vəziyyət, onların reinteqrasiyası barədə sualları cavablandırılıb.