“Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir. Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir”.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda vurğulanır.

Məktubda bildirilir ki, Azərbaycan hökuməti və xalqı, hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

“Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Xatırladaq ki, Türkiyənin əsasən turistik bölgələrini əhatə edən meşə yanğınları iyulun 29-da başlayıb. Dövlət başçısının tapşırığı ilə qardaş ölkəyə göndərilən Azərbaycan yanğınsöndürənləri də fəlakətlə mübarizədə iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Rəcəb Tayyib Ərdoğan bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib.

“Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik”, – deyə paylaşımda bildirilir.