“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin nəzdində fəaliyyət göstərən və Qahirənin müxtəlif universitetlərində təhsil alan misirli və əcnəbi tələbələrə ödənişsiz əsasda təhsil verən kursların Azərbaycan dili üzrə bölməsinin yeni dinləyiciləri ilə görüş keçirilib.

Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə məlumat verib. Azərbaycan dilinin əhəmiyyətindən bəhs edən diaspor sədri diqqətə çatdırıb ki, hər il təşkil edilən bu kursların dinləyiciləri Azərbaycan dilinin qrammatik qaydalarını öyrənir, həmçinin sonradan tərcümə ilə məşğul olurlar. Tələbələrin tərcümə etdikləri məqalələr yaxın vaxtlarda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlı işıq üzü görəcək nəşrdə dərc olunacaq. Kurslarda həmçinin ölkəmizin tarixi, mədəniyyəti və ədəbi irsi də tədris edilir.

S.Nəsirov kurslarda iştirak edəcək 41 tələbəyə tədris prosesi haqqında müfəssəl məlumat verib. Ümumilikdə diaspor mərkəzində dünyanın 31 ölkəsindən 350 tələbə Azərbaycan dili ilə yanaşı, ərəb dili, dekorasiya, xəttatlıq sənəti və digər fənlər üzrə ödənişsiz təhsil alır.